Eldəniz Səlimovun deputatlığına xitam verilib
28.02.2022
Milli Məclisin üzvü Eldəniz Səlimovun deputatlığına xitam verilib.
Onun hökmdən verdiyi apellyasiya şikayəti təmin olunmayıb. Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minmiş hökm olduğundan onun deputatlığı aradan qaldırılır.
Qeyd edək ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, E. Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir. Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.
Xatırladaq ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.
İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.