Xələf Xələfov Polşaya getdi
24.02.2022
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Polşaya gedib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xələf Xələfov səfəri çərçivəsində Polşanın xarici işlər nazirinin müavini Marçin Pşıdaç ilə görüşüb.
Onlar Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə həsr edilmiş, Polşanın Şərq Araşdırmalar Mərkəzi və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada iştirak ediblər.
Tədbirdə çıxış edən X.Xələfov Azərbaycan-Polşa münasibətlərinin 550 illik qədim tarixi, bu günü və perspektivlərindən, Azərbaycan dövlətçilik tarixində, inkişafında və şəhərsalmada tanınmış polyakların xidmətlərindən danışmış, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin xüsusi rolunu qeyd edib.
Tədbirdə Azərbaycan-Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr edilmiş poçt açıqcasının Polşa Poçtunun rəsmilərinin iştirakı ilə rəsmi təqdimatı baş tutub.
X.Xələfov və M.Pşıdaçın rəhbərlik etdikləri nümayəndə heyətləri arasında ölkələrimiz arasında strateji dialoq üzrə məsləhətləşmələr aparılıb.
Məsləhətləşmələrin davamı olaraq nazir müavini X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Polşa Respublikası Prezidentinin katibliyinin Dövlət Katibi, Beynəlxalq Siyasət Bürosunun rəhbəri Yakub Kumox ilə görüş keçirib.
Görüşdə Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibəti ilə Azərbaycan Respublikası və Polşa Respublikası Prezidentlərinin təbrik məktublarının mübadiləsi baş tutub, ölkələrimiz, xüsusilə ölkələrimizin rəhbərləri arasında səmimi dostluq münasibətlərindən məmnunluq ifadə edilib.
X.Xələfovun, həmçinin Polşa Respublikası Senatının Vitse-marşaleki Boqdan Boruseviç və Polşa Respublikası Seyminin Vitse-marşaleki Rışard Terletski ilə, Polşa Respublikasının infrastruktur nazirinin müavini Andzej Bittel və Polşa Respublikası inkişaf və texnologiya nazirinin müavini, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın polşalı həmsədri Qjeqoj Pexoviak ilə ayrı-ayrılıqda görüşləri keçirilib.