Sərxoş vəziyyətdə avtomobillə piyadanı vuran polisə hökm oxundu
23.02.2022
Xaçmaz rayonunda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Feyruz Ağamalıyevə hökm oxunub və o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılıb.
F.Ağamalıyev ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Xızı Rayon Polis Şöbəsinin təhlükəsizlik bölməsinin sahə rəisi polis kapitanı F.Ağamalıyev alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda avtomobil idarə edib, yol hərəkəti qaydalarını pozub və piyadanın vuraraq öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.
Hadisə 2021-ci ilin avqustun 1-də Nabran-Xudat avtomobil yolunun Xaçmaz rayonunun Nabran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham irəli sürülüb, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Məhkəmədə ifadə verən F.Ağamalıyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, dindirilən zaman 1 avqust 2021-ci il tarixdən 30 günlük növbəti məzuniyyətə buraxıldığını deyib