Moskva Bəyannaməsi erməniləri isterikaya saldı
23.02.2022
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti bəyannaməsi Ermənistanda isterika ilə qarşılanıb.
"Devran Media" xəbər verir ki, məxsusən erməni müxalifəti bunu Ermənistan siyasətinin iflası kimi dəyərləndirib.
Ermənistanın Respublikaçılar Partiyası buna qarşı bəyanat da verib. Bəyanatda bildirilir ki, 2018-ci ilin aprel-may aylarında Ermənistanda hakimiyyətin fəlakətli şəkildə ələ keçirilməsi nəticəsində "Ermənistan və Qarabağın təhlükəsizlik sistemləri”nin ən mühüm komponenti olan Ermənistan-Rusiya strateji və müttəfiqlik münasibətləri pozulub, qeyri-ardıcıl və savadsız xarici siyasət ucbatından Ermənistan öz suverenliyini genişləndirmək və möhkəmləndirmək üçün mövcud imkanlarını itirib, Türkiyənin Cənubi Qafqaza nüfuz etməyə və hərbi-siyasi amilinin güclənməsinə imkan verilib ki, bu da Azərbaycanın qlobal miqyasda mövqeyini yaxşılaşdırıb:
"Sizin yeganə müttəfiqiniz (Rusiya - red.) düşməninizlə (Azərbaycan - red.) müttəfiqə çevrilirsə, bu, ilk növbədə sizin zəifliyiniz, səhvləriniz, hərbi-siyasi uğursuzluğunuz, geosiyasi iflasa uğramağınızın nəticəsidir. Rusiya-Azərbaycan bəyannaməsi Ermənistandakı mövcud rejimin dərhal istefası üçün yeni siqnaldır. Rusiya ilə yeni keyfiyyətə, məzmuna və dürüstliyə əsaslanmalı olan hərtərəfli münasibətlər Ermənistan və Qarabağın gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Gələcəkdə hakimiyyətə gələnlər bu prosesə dərhal başlamalıdır”.
Qeyd edək ki, Respublikaçılar Partiyasının rəhbəri Ermənistanın keçmiş prezidenti Serj Sərkisyandır.