Rotterdamda Xocalı soyqırımı ilə bağlı anım tədbiri təşkil edildi - FOTO
22.02.2022
Niderlandın Rotterdam şəhərindəki "Life & Changing” İncəsənət və Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar "Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Niderlanddakı səfirliyinin, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.
Azərbaycanın Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Elsevər Məmmədov və "Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalının dinc sakinlərinə qarşı törətdiyi dəhşətli soyqırımı barədə ətraflı məlumat veriblər. Bu amansız faciəni bəşəri cinayət kimi qiymətləndirən natiqlər nəzərə çatdırıblar ki, xalqımız dünya dövlətlərindən Xocalı soyqırımına ədalətlə yanaşmağı, bu faciəyə hüquqi-siyasi qiymətin verilməsini, əli dinc azərbaycanlıların qanına batan cəlladların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.
Xocalı soyqırımı haqqında filmdən və səsləndirilən məlumatlardan təsirlənən azyaşlı tədbir iştirakçısı Sara və niderlandlı qonaqlar öz hisslərini bölüşüblər. XX əsrdə törədilən bu cür qeyri-insanı cinayətlərin qəbuledilməz olduğunu, ölkəmizin başına gətirilən bütün haqsızlıq və bəlalardan təəssüfləndiklərini, bir daha müharibənin baş verməməsini, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamasını arzuladıqlarını bildiriblər.
Xocalı soyqırımına dair fikir mübadiləsi aparılarkən yerli ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb.
Tədbir çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş rəsm və foto sərgisi nümayiş etdirilib. Sərgidə Niderlandda yaşayan tanınmış rəssam Rasim Hüseynovun və xanımı Vəfa Rüstəmovanın xalqımızın qarşılaşdığı müsibətləri təsvir edən tabloları, Xocalı faciəsini əks etdirən fotoları təqdim olunub.
Sonda kamança ustası İlham Babayevin ifasında muğam kompozisiyaları səsləndirilib.