Prezident Turizm haqqında qanunu təsdiqlədi
18.02.2022
Prezident İlham Əliyev Turizm haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Bu Qanun Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Həmçinin, dövlət başçısı bu qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
1. "Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, turizm və rekreasiya zonalarının nümunəvi əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
2. həmin Qanunun 20.3-cü maddəsinə uyğun olaraq, turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli;
3. həmin Qanunun 9.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.