Müdafiə Nazirliyinin polkovniki HƏBS EDİLDİ
17.02.2022
Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir hərbçi həbs edilib.
Həyata keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov da tutulub.
Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 341.2.1-ci (vəzifə səlahiyyətlərini aşma, bir qrup şəxs tərəfindən törədildikdə) və 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyində həyata keçirilən həbslərlə bağlı xəbər yaymışdıq.
Belə ki, nazirlikdə qeydə alınan maliyyə pozuntuları ilə Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, "N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu həbs ediliblər.
Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.