Bayramov-Lavrov danışığı: Nələr müzakirə edildi?
17.02.2022
Fevralın 16-da Bakı-Moskva diplomatik trafiki növbəti telefon danışığına şahidlik etdi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon rabitəsi ilə danışıqlar baş tutdu.
Bayramov-Lavrov diplomatik müzakirələri iki informasiya fonunda diqqət çəkir:
1. Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni təxribatları güclənib,
2. Azərbaycan Baş Prokurorluğu sülhməramlıların xidmət etdiyi ərazilərdəki erməni separatçıların başçısı Arayik Arutyunyanın tezliklə istintaqa cəlb ediləcəyini açıqladı.
Bu kontekstdə Azərbaycan və Rusiya xarici siyasət idarələrinin rəhbərlərinin 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarının ciddi şəkildə icrasını müzakirə predmetinə gətirməsi maraq doğurur.
Yəqin ki, Arutyunyan və digər separatçı ünsürlərin həbsinə hazırlıqla bağlı Azərbaycanla Rusiya tərəfinin marağının uzlaşdırılması həyata keçirilir, detallar müəyyənləşdirilir, vaxt təyin edilir.
Yeni reallıqdakı maraqlar isə mütləq şəkildə Türkiyənin strateji xətti ilə tutuşdurulmalıdır, elə buna görədir ki, həmin gün Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də müzakirələr aparıb.
Bundan əlavə, Azərbaycanla Türkiyə Ukrayna böhranına münasibətdə də müştərək strateji maraqlardan çıxış edirlər.
Mümkündür ki, fevralın 16-dakı diplomatik təmaslarda Rusiya Ukrayna münaqişəsində Türkiyə və Azərbaycanın özünə dəstək verməsini istəyib, amma bu, mümkün deyil.
Çünki nə Bakı, nə də Ankara özünə qarşı presedent yaradan addımlara getməyəcək. Qarşıdan isə diplomatik təmasların növbəti qrafiki gözlənilir, böyük ehtimal ki, XİN başçılarının səfərləri gerçəkləşəcək.
Bayramov-Lavrov danışığı zamanı, Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi çərçivəsində əməkdaşlıq da müzakirə mövzusunu təşkil edib.
Rusiyanın həmin sədrlik dövründə Azərbaycandan gözləntisi budur ki, Avroatlantik məkanda bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsi məsələsində Moskvanın xeyrinə addımlar atsın.
Azərbaycan Rusiyanı Cənubi Qafqazdakı yeni reallıqda sülhyaratma elementi kimi rolunu dəyərləndirir, amma bunun Qərbə qarşı yönələn siyasətə çevrilməsinə imkan vermir. Azərbaycan iki əks qütbdə dayanan güclərə bərabər məsafə saxlayır və ərazi bütövlüyü ilə bağlı məsələlərdə isə dayanıqlı prinsipial mövqe sərgiləyir.
Azərbaycan və Rusiya baş diplomatlarının danışığından çıxara biləcəyimiz nəticəyə gəlincə, deyə bilərik ki, Moskva Cənubi Qafqazın sabit məkana çevrilməsində maraqlıdır. Rusiya Prezidenti Vladimir Putinin üçtərəfli bəyanatlarda imzasının olması Moskva üzərinə məsuliyyət yükləyir. İndi Kreml bu məsuliyyətini dərk edib normallaşma prosesinə əhəmiyyətli töhfə verməlidir.
Moskvanın Bakıya hansısa diktəedici tezislər təqdim etməsi isə çətindir, çünki Şuşa Bəyannaməsi ilə Türkiyə yeni reallıqda Azərbaycanın təhlükəsizliyinə zəmanətverici amilə çevrilib. Qərbin də Azərbaycanda əhəmiyyətli investisiyaları mövcuddur, Ukrayna böhranında isə Azərbaycanın etibarlı enerji təminatçısı olduğunu böyük ümidlərlə dərk edir.
Ancaq bu, Bakı-Moskva əlaqələrində gərilmə yaratmayacaq, Azərbaycan bərabərtərəfli xarici kursunu davam etdirəcək.
Üstəgəl, sülhməramlıların müvəqqəti dislokasiya edildiyi Azərbaycan ərazilərində Bakının hüquqi tədbirlər görməsinə Moskvadan dəstək gələcək.