21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Qərb Rusiyanı hücumdan bu yolla çəkindirdi

16.02.2022

Ukrayna məsələsində Rusiya ilə Qərb arasında gedən informasiya savaşını mən də çox diqqətlə izləyirəm. Burada diqqəti cəlb edən bir neçə məqam var. Əvvəla, Ukraynaya müdaxilə Rusiyanın planlaşdırdığı bir aksiyadır. Çünki yüz mindən çox ordunun Ukrayna sərhədlərinə cəmləşdirilməsi təsadüfi deyil. Amma ilkin mərhələdə müəyyən fikir ayrılıqları olsa da, sözügedən məsələdə ABŞ və müttəfiqləri birləşə bildilər. Bax bu proseslər informasiya savaşı üçün çox ciddi əsaslar yaradıb.

Bu sözləri Ukrayna böhranında informasiya savaşını və dünya mediasının rolunu şərh edən media eksperti, professor Qulu Məhərrəmli deyib. Alimin sözlərinə görə, tərəflər mediadan əsasən beynəlxalq rəyi formalaşdırmaq və təzyiq vasitəsi kimi istifadə edirlər:

"Diplomatik səylər mütəmadi şəkildə davam etdirildi və xüsusilə Fransa, Böyük Britaniya, Almaniya, Polşa gərginliyin azaldılması istiqamətində ciddi cəhdlər göstərdi, müxtəlif ittifaqların və yarımittifaqların yaranması haqqında informasiyalar yayıldı. Qərb diplomatik həmlələrlə paralel şəkildə aktiv informasiya müharibəsi apardı və fikrimcə, Rusiya ciddi şəkildə mövqelərini itirdi. Əvvəla rəsmi Moskva Qərbi parçalaya bilmədi və yaydığı informasiyalar qeyri-effektiv oldu. İkincisi, Rusiya təlim bölgəsindən hərbi texnikanın və şəxsi heyətin daimi dislokasiya məntəqələrinə qayıtması ilə bağlı videolar yaydı”.

Ekspertin sözlərinə görə, baş verənlər KİV-dən təzyiq vasitəsi kimi istifadənin çox ciddi nümunəsi olaraq dəyərləndirilməlidir:

"Ukrayna hadisəsi medianın dünyada ictimai rəyi formalaşdırmaq üçün ən təsirli vasitələrdən biri olduğunu göstərdi. Fikrimcə, Rusiyanın Ukraynaya hücum etməməsinin səbəblərindən biri də Qərb mediasının ardıcıl verdiyi xəbərlər oldu. Verilən məlumatların nə dərəcədə doğru və yanlış olması isə ayrıca bir müzakirə mövzusudur. Ancaq müxbirlərin və diplomatların münaqişə bölgəsinə ardıcıl səfərləri, oradan hazırlanan video-reportajlar sistemli şəkildə aparılan informasiya siyasətinin bir parçası idi. Biz də cərəyan edən hadisələrə diqqət yetirməli, dezinformasiyaların qarşısının alınması üçün ölkəmizdə ciddi informasiya sisteminin yaradılması və xüsusən xaricə ötürülən xəbərlərin keyfiyyətinin yaxşılaşdırılması haqqında düşünməliyik”.