Rusiyaya cavab ssenariləri hazırlamaq üçün “Pələnglər komandası”
15.02.2022
ABŞ hakimiyyəti Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaması halında cavab ssenariləri işləyib hazırlamaq üçün "Pələnglər komandası" adlı xüsusi ekspertlər qrupu yaradıb.
Bu barədə "The Washington Post" qəzeti yazır. Bildirilir ki, qrup ötən ilin noyabrında, Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməyə başladığı vaxtda yaradılıb. Qrupa Dövlət Departamentinin, Energetika Nazirliyinin və Xəzinədarlığın, USAİD və Pentaqonun əməkdaşları daxildir.
"Pələnglər" artıq Ukrayna ətrafındakı münaqişənin eskalasiyası halında "çevik potensial cavablar" planını təsdiqləyiblər. Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının yaxın günlərdə başlayacağı haqda KİV-lərə ötürülən xəbərlərin də bu qrupdan qaynaqlandığı bildirilir.
Xatırladaq ki, ABŞ və digər Qərb mənbələri Rusiyanın fevralın 16-da Ukrayna üzərinə hücuma keçəcəyi barədə xəbərlər yayıblar. Bununla əlaqədar olaraq xarici ölkələr öz vətəndaşlarını kütləvi şəkildə Ukraynadan təxliyə edir.