Cənubi Koreya və KXDRC sammitə hazıraşır
31.08.2018
Cənubi Koreya Prezidenti Mun Ce-in sentyabrın 5-də KXDR-ə xüsusi nümayəndə göndərəcək.
TASS informasiya agentliyi xəbər verir ki, xüsusi nümayəndə Pxenyanda Cənubi Koreya prezidentinin KXDR lideri Kim Çen Inla sammitinin hazırlığını, həmçinin nüvəsizləşdirmə məsələsini müzakirə edəcək.
Səfərin müddəti və xüsusi nümayəndənin kim olduğu barədə məlumat verilmir. Pxenyan artıq Seulun xüsusi nümayəndənin Şimali Koreyaya göndərilməsi təklifini qəbul edib.
Xatırladaq ki, aprelin 27-də sərhədyanı Phanmuncom məntəqəsində Cənubi Koreya və KXDR liderlərinin ilk görüşü baş tutmuşdu. Tərəflər Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün deklarasiya imzalamışdı. Bundan başqa, Cənubi Koreya prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In 2018-ci ilin mayında da bir araya gəlmişdilər. Bu ilin payizinda keçirilməli olan üçüncü sammit barədə razılıq məhz həmin vaxt əldə olunmuşdu.
Avqustun əvvəllərində Cənubi Koreya prezidentinin birləşmə, beynəlxalq əlaqələr və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mun Çun İn növbəti koreyalararası sammitin sentyabrın 12-si və ya 13-də Pxenyanda baş tutacağını bildirmişdi.