“Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur”
14.02.2022
"Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Hesab edirəm ki, avtomobil yolu təqribən bir ilə hazır olacaq”.
Bu barədə Prezident İlham Əliyev Ağdama səfəri zamanı rayonda həyata keçirilən infrastruktur layihələrindən danışarkən bildirib.
Dövlətimizin başçısı deyib: "Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”.
Prezident qeyd edib ki, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start verilib, siyasi iradə ortaya qoyulub, bütün maliyyə və texniki imkanlar, kadr potensialı səfərbər edilib.
"Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq ”, - deyə Prezident İlham Əliyev vurğulayıb.