İçərisində 34 minlik qızıl olan seyf oğurlandı - Video
11.02.2022
Fevralın 4-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən ev sahibi polisə müraciət edərək evdə olmadıqları müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 2000 dollar, 34 min manatlıq qızıl-zinət əşyaları və sənədlər olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Xəzər Rayon Polis İdarəsi və 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıl Abbasov və tanışı Elnur İsmayılov qısa zamanda saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir. Elnur İsmayılov və İsmayıl Abbasov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.