Rusiya Azərbaycanlı Gənclər Birliyinin Qış Eko-məktəbi açıldı - FOTO
09.02.2022
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) 7-10 fevral tarixlərində təşkil etdiyi Qış Eko-məktəbinin Rusiyanın Konakovo şəhərində rəsmi açılış mərasimi keçirilib.
Layihə V.İ.Vernadski Fondu, Rusiya Uşaq və Gənclər təşkilatları Şurası və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Dayanıqlı İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.
Üç gün davam edəcək qış məktəbinin iştirakçıları Rusiyanın müxtəlif ali məktəblərinin tələbələri, Molodaya Qvardiya, Gənclər Parlamenti, Skolkovo İnnovasiyalar Mərkəzi, Podmoskovye Könüllüləri kimi ekoloji, gənclər və könüllü təşkilatlarını təmsil edən 100-dən çox gənc olacaq.
Panel sessiyanın açılışını edən Rusiya Azərbaycanlı Gənclər Birliyinin məsul katibi Ceyhun Hüseynov tədbir iştirakçılarını təşkilatın rəhbəri Leyla Əliyevanın adından salamlayaraq, Eko-məktəbin işinə uğurlar arzulayıb. Daha sonra, YUNESKO-nun mədəniyyət və təhsil sahəsində eksperti və V.İ.Vernadski Fondunun icraçı direktorunun müavini "Yeni eko-layihələr. Gənclərin Yaradıcılığı” mövzusunda məruzə edib, tədbirdə çıxış edən digər qonaqlar isə ətraf mühitin qorunması və onun keyfiyyətcə daha da inkişaf etdirilməsi məqsədi ilə təşkil olunan ekoloji layihələrin əhəmiyyətindən bəhs ediblər.
Eko-məktəbin iştirakçıları üçün ekoloji terminologiya ilə tanış olduqları və uğurlu biznes layihələri müzakirə etdikləri xüsusi master-klas və təlimlər təşkil olunub. Bu təlimlərdə onlar uğurlu biznes keyslərini müzakirə ediblər. Ekspertlər tərəfindən ekoloji layihələrdə məqsədlərin düzgün qoyuluşu və hədəf kütləsinin seçilməsi məsələləri ətraflı izah edilib.
Qış məktəbinin yekununda iştirakçı komandalar ekoloji problemlərin həllinə yönəlmiş fərdi layihələrini təqdim edəcəklər.