Azad edilən ərazilərdə yeni hərbi hissə istifadəyə verilib - VİDEO
09.02.2022
Fevralın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilən ərazilərdə istifadəyə verilən yeni hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məruzə olunub ki, hərbi hissədə bütün obyektlər müasir tələblərə uyğun əsaslı təmir olunaraq lazımi avadanlıq və inventarlarla təmin edilib. Burada istilik sistemi ilə təchiz edilmiş qərargah binası, yataqxana, ideoloji sinif, xidməti, məişət və silah otaqları, hamam-sanitar qovşağı, yeməkxana, tibb məntəqəsi mövcuddur.
Bundan əlavə, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirməsi üçün idman şəhərciyi salınıb. Bölmənin ərazisində abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib. Ərazi fasiləsiz elektrik enerjisi ilə təmin olunub.
Daha sonra müdafiə naziri avtomobil və döyüş texnikasının saxlandığı parka gəlib. Burada avtomobil və döyüş texnikasının saxlanma şəraiti ilə tanış olub, döyüş maşınları komandirlərinin məruzələrini dinləyib.
Müdafiə naziri hərbi hissənin şəxsi heyəti ilə də görüşüb. General-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun hərbi qulluqçularının, o cümlədən hərbi hissənin şəxsi heyətinin Vətən müharibəsində göstərdikləri şücaət və qəhrəmanlıqlarının dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, eyni zamanda, Silahlı Qüvvələrin Ali Baş Komandanının yeni tapşırıqlarının icrasına hər an hazır olmalarını bir daha hərbi qulluqçuların diqqətinə çatdıran müdafiə naziri orduda aparılan islahatlar çərçivəsində müasir silah, hərbi texnika və avadanlıqların alınmasının bundan sonra da davam etdiriləcəyini bildirib.
General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun inkişafı və ölkəmizin hərbi qüdrətinin artırılması sahəsində əldə olunan nailiyyətlərdən də danışıb.
Sonda müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksək səviyyədə saxlanması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.