Zakir Həsənov Türkiyənin milli müdafiə nazirinin müavini ilə görüşüb
08.02.2022
Fevralın 8-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlığa da müsbət təsir etdiyini deyən general-polkovnik Z.Həsənov strateji müttəfiqliyin dostluq və qardaşlıq əlaqələri üzərində qurulduğunu bildirib.
M.Dərə də öz növbəsində, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.
Görüşdə Bakıda keçiriləcək "Texnofest-2022” festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinin vasitələrinin və hərbi qulluqçularının iştirakı barədə fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan-Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən hərbi-texniki sahədə birgə işçi qruplarının yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.