Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğından mühafizə qüvvələrinin vaxtında və çevik müdaxiləsi sayəsində sexdəki yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib. Yanğın nəticəsində ümumi sahəsi 200 m² olan mebel sexinin içərisində 10 m² sahədə taxta materiallar yanıb, sex və içərisindəki materialların böyük hissəsi yanğından mühafizə olunub.