FHN Bakıda bu maneələri sökür
04.02.2022
Yaşayış, eləcə də digər təyinatlı binaların həyətlərinə giriş-çıxışlarının və keçidlərinin vətəndaşlar tərəfindən süni maneələrlə bağlanması ciddi fəsadlara yol açır.
"DM" xəbər verir ki, süni maneələrin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (FHN DYNX) tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Bu istiqamətdə növbəti tədbir bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində keçirilir.
Qeyd edək ki, binaların bilavasitə yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması, daraldılması, həmçinin yaşayış binalarının yanğın keçidlərində yolların tam və ya qismən bağlanması, o cümlədən şlaqbaumların quraşdırılması baş verə biləcək fövqəladə hadisələr, eləcə də yanğınlar zamanı yanğınsöndürən və digər xüsusi təyinatlı texnikaların taktiki və texniki imkanlarını məhdudlaşdırır. Eyni zamanda yanğın texnikasının əlverişli mövqedə yerləşdirilməsini və manevr etməsini mümkünsüz edir, əlavə şlanq xətlərinin istifadəsinə zərurət yaradır ki, bu da böyük vaxt və su itkisinə, insanların təxliyə olunmasına, nəticə etibarı ilə insanların həyat və sağlamlığının, əmlakının qorunmasına yönəldilmiş operativ müdaxiləyə ciddi çətinliklər yaradır.