Sahibə Qafarovanın “diplomatik kəşfiyyatı”nın məqsədləri
04.02.2022
Azərbaycanın xarici siyasət kursunun icra edilməsində parlament diplomatiyasının rolunu belə xarakterizə edə bilərik:
Milli Məclisin nümayəndə heyətinin səfərləri "diplomatik kəşfiyyat” işi aparmaq və həyata keçirilən təmaslarla Azərbaycana münasibət haqqında daha dolğun təsəvvürlər yaradan informasiyalar əldə etmək məqsədi daşıyır.
Milli Məclisin sədri Sahibə Qafarovanın Baltikyanı ölkələrə (Latviya, Litva, Estoniya) turunun qayəsini yalnız işıqlandırılan rəsmi məlumatlar kontekstində dəyərləndirmək yarımçıqlıq olardı.
Azərbaycan dövləti Sahibə Qafarovanın üzərinə xüsusi missiya yükləyərək bu cür səfərlərdə əhəmiyyətli məqsədlərə nail olmağı hədəfləyir.
Cənubi Qafqazın postmünaqişə mənzərəsi Azərbaycan dövlətinin Ermənistana qarşı hüquqi tədbirlər görmə səviyyəsinin qalxmasını prioritetlər sırasına gətirir. İndi Bakı beynəlxalq məhkəmələrdə İrəvan üzərində də qələbə qazanmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirir.
Parlament diplomatiyasının üzərinə qoyulan öhdəlik isə budur ki, beynəlxalq hüquq prosedurlarının icrası ərəfəsində inandırıcı dəlillərlə çıxış edib Azərbaycana beynəlxalq dəstəyin artmasına töhfə verməlidir.
Sahibə Qafarova Baltikyanı ölkələrə səfərinin ilk etapı tamamlanıb, xanım Qafarova Riqada Latviya Seyminin sədri İnara Murniyetse, ölkənin baş naziri Arturs Krişyanis Karinş və prezident Eqils Levits ilə görüşlər keçirib.
Böyük ehtimal ki, Sahibə Qafarova keçirdiyi görüşlərdə Baltikyanı ölkələrdə, o cümlədən Latviyada erməni icmasının təxribat xarakterli fəallığının artması barədə xəbərdarlıqla çıxışlar edib.
Bundan başqa Sahibə Qafarova Baltikyanı ölkələrin Azərbaycanın azad edilmiş ərazilərində, Zəngəzur dəhlizində iqtisadi iştirakının xoşagələn perspektiv vəd etməsi barədə inandırıcı dəlillər ortaya qoyur. Hər halda rəsmi məlumatlar belə deməyə əsas verir.