Odlu silahdan ən çox ölüm halları ABŞ və Braziliyada baş verib
29.08.2018
Müharibə və silahlı münaqişələr olmayan dinc şəraitdə odlu silahlardan ən çox ölüm hallarının baş verdiyi ölkələrin siyahısı açıqlanıb.
Amerika Tibb Assosiasiyasının Jurnalı (JAMA) xəbər verir ki, dinc şəraitdə odlu silahdan istifadə etməklə sui-qəsd, intihar və təsadüfi insidentlər nəticəsində ölüm hallarının baş verdiyi ölkələrin ilk altılığına Birləşmiş Ştatlar, Braziliya, Meksika, Kolumbiya, Venesuela və Qvatemala daxildir.
Siyahını tərtib edən Qlobal Risk İcmalında göstərilir ki, 2016-cı ildə 195 ölkədə dinc şəraitdə odlu silahdan 251 min insan həlak olub. Bunların 64 faizi qətl, 27 faizi intihar, 9 faizi isə təsadüfi ölümlərdir. Ekspertlər bildirirlər ki, silah satışının, dünya əhalisinin sayının artması nəticəsində bu rəqəm 1990-cı illə müqayisədə 4,2 faiz yüksəlib. Silahla zorakılığın artıq ictimai sağlamlıq probleminə çevrildiyini vurğulayan hesabatın müəllifi, Vaşinqton Universitetinin əməkdaşı Moşen Naqavinin sözlərinə görə, odlu silahlardan ölüm hallarının ildən-ilə artması, habelə əhalinin sürətlə silahlanması hökumətləri düşündürməlidir. Tədqiqatçı əlavə edib ki, açıqlanan bu rəqəmlərə terror hadisələri zamanı həyatını itirənlər daxil deyil.
Hesabatda göstərilir ki, odlu silahlardan ölüm hallarının 32 faizi iki ölkənin - ABŞ və Braziliyanın və digər Latın Amerikası ölkələrinin payına düşüb. Bu ölkələrdə silahlı qətllərin əsas səbəbi narkotik maddələrin və silah ticarətinin geniş yayılmasıdır.