Azərbaycan-Qırğızıstan işgüzar görüşü keçirilib
02.02.2022
Qırğızıstanın özəl sektor nümayəndələri Azərbaycanda müxtəlif sahələrdə yaradılan əlverişli işgüzar mühitdən yararlanmağa dəvət olunublar.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə Qırğızıstanda keçirilən işgüzar görüşdə nazir müavini Niyazi Səfərov çıxış edərkən deyib.
O, Azərbaycanda kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, turizm və.s. sahələr üzrə əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb və Qırğızıstan sahibkarlarını ölkədə icra edilən biznes layihələrində iştiraka dəvət edib.
Nazir müavini Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, ölkənin Milli Prioritetləri, pandemiya şəraitində biznesin dəstəklənməsi tədbirləri, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.