Gənclər bayramlarını Zəngilanda qeyd etdilər - FOTO
02.02.2022
2 Fevral - Gənclər Günü münasibətilə "Böyük Qayıdış” Gənclər Təşkilatı və "Aqrar İnkişaf Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup gəncin işğaldan azad olunmuş Zəngilan rayonuna səfəri təşkil olunub.
Səfərin əsas məqsədi Zəngilan şəhərinin işğaldan sonrakı vəziyyəti, erməni vandalizminin acı nəticələri və rayonda hazırda aparılan bərpa-quruculuq işləri ilə gənclərin yaxından tanış olması, onların öz bayramlarını işğaldan azad olunan və dirçəldilən torpaqlarımızda qeyd etməsinə şərait yaratmaqdı.
Səfərdə hər iki təşkilatın nümayəndələri, Vətən müharibəsi qaziləri, Qarabağ gəncləri, "Böyük Qayıdış” və "Aqrar İnkişaf” könüllüləri, həmçinin media nümayəndələri iştirak ediblər. Səfər zamanı gənclər rayonun Ağalı kəndində xüsusi ayrılmış ərazidə ağaclar əkərək quruculuq işlərinə öz töhfələrini veriblər. Yekunda hər iki təşkilat arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb, səfər və əməkdaşlıqla bağlı mətbuata açıqlamalar verilib.
Bildirilib ki, Zəngilan rayonu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Zəfər sayəsində işğaldan azad edilib, əsl sahiblərinə qaytarılıb. İndi Zəngilan, bütünlüklə Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur, dirçəlir. Gənclərimiz artıq müzəffər xalqın gəncləri olaraq, böyük qürurla Ulu Öndərin adı ilə bağlı olan Gənclər Gününü - öz bayramlarını işğaldan azad olunmuş torpaqlarda qeyd edirlər.