Türkiyə və Ukrayna arasında sərbəst ticarət sazişi imzalana bilər
01.02.2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri zamanı iki ölkə arasında sərbəst ticarət sazişi imzalana bilər.
Bunu "Anadolu”ya açıqlamasında Türkiyə-Ukrayna İşgüzar Şurasının sədri Ruşen Çetin deyib.
O qeyd edib ki, Türkiyə-Ukrayna münasibətlərinin 30-cu ildönümünə həsr olunmuş səfər zamanı Kiyevdə 10-cu Yüksək Səviyyəli Strateji Şuranın keçirilməsi də nəzərdə tutulub: "İki ölkə arasında sərbəst ticarət müqaviləsi imzalanarsa, qarşılıqlı ticarət həcmimiz yaxın 2-3 ildə 10 milyard dollara çatacaq və bu ciddi rəqəmdir”, - o bildirib.
R. Çetin, siyasi böhranın Rusiya, Ukrayna və Türkiyə üçbucağında həll oluna biləcəyini vurğulayıb.
"Heç kim istəməz ki, Rusiya ilə Ukrayna arasında siyasi gərginlik olsun. Bu gərginlik istər-istəməz ticarətimizə təsir göstərəcək. Hazırda ticarətimiz davam edir. Ukrayna ilə hələlik heç bir problem yoxdur. Bu məsələ Rusiya, Ukrayna və Türkiyə üçbucağında həll oluna bilər. Qara dənizdə sülhün və əmin-amanlığın təmin edilməsi Montrö sazişinə uyğun həyata keçirilir. Bu məsələdə hər iki tərəflə ən yaxşı anlaşa bilən Prezident Ərdoğandır”, - Çetin əlavə edib.