Maqsud Mahmudovun məhkəməsinin vaxtı məlum oldu
01.02.2022
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası fevralın 7-nə təyin edilib.
Cinayət işi hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlər arasında müğənnilər Afət Fərmanqızı və Vasif Məhərrəmli də var.