Gürcüstan Ermənistana avtomobil yolu ilə taxıl idxalını dayandıracaq
29.08.2018
Gürcüstan hökumətinin qərarı ilə sentyabrın 1-dən etibarən Ermənistana avtomobil yolu ilə taxıl idxalı dayandırılacaq.
AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, artıq bununla bağlı yükdaşıma şirkətlərinə xəbərdarlıq edilib. Sentyabrın 1-dən sonra Ermənistana taxıl idxalı Poti limanından Rusiya vasitəsilə mümkün olacaq. Gürcüstanın yükdaşıma şirkətləri bu addımı təhlükəsizlik problemi ilə əlaqələndiriblər.
Ermənistanın iqtisadçı ekspertləri Gürcüstan hökumətinin bu qərarından sonra ölkələrində qiymət artımının baş verəcəyini proqnozlaşdırırlar. Onların fikrincə, buğdanın hər tonunda 50 dollar qiymət artımı ola bilər. Bundan başqa, yükdaşıma sahəsində işsizlik problemi yaşanacaq.
Məsələ ilə bağlı Ermənistan hökuməti hələlik heç bir münasibət bildirməyib.