21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakıda Hindistanın Respublika Günü qeyd edilib – FOTO

27.01.2022

 Hindistanın Bakıdakı səfirliyi bu ölkənin 73-cü Respublika Gününü qeyd edib. Bununla əlaqədar səfirlikdə başlayan tədbirdə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin dövlət bayrağını qaldırıb, ardınca isə Hindistanın Dövlət Himni oxunub.

Devran Media AZƏRTAC-a istinadən xəbər verir ki, səfir Hindistan Prezidentinin Respublika Günü münasibətilə xalqa müraciətini oxuyub. O, çıxışı zamanı Hindistanın müstəqilliyinin 75 illiyi çərçivəsində səfirlik tərəfindən "Azadi ka Amrit Mahotsav” təşəbbüsü altında təşkil olunan müxtəlif tədbirlərdən danışıb, eləcə də Hindistanın azadlıq mübarizəsinin ən görkəmli liderlərindən biri olan Netaci Subhas Çandra Bosun anadan olmasının 125-ci ildönümünün qeyd edildiyini, səfirlik tərəfindən 2022-ci il yanvarın 28-də saat 13:00-dan 18:00-dək Hind diaspor assosiasiyaları və Hind Klinikası ilə birgə Bakı Hind Klinikasında qanvermə aksiyasının keçiriləcəyini bildirib.

Bayram tədbirinin davamı olaraq axşam saatlarında "Four Seasons” mehmanxanasında Azərbaycanın hökumət rəsmilərinin, diplomatik nümayəndəliklərin üzvlərinin və Hindistan icmasının nümayəndələrinin iştirakı ilə rəsmi qəbul keçirilib. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov tədbirdə əsas qonaq qismində iştirak edib.

Səfir açılış nitqində Hindistanda güclü iqtisadi artımın baş verdiyini və ölkənin yenidən dünyanın ən sürətlə inkişaf edən böyük iqtisadiyyatı statusunu bərpa etdiyini vurğulayıb. O, Hindistanla Azərbaycan arasında mövcud olan dərin tarixi əlaqələri qeyd edib. Bildirib ki, iki ölkənin işgüzar dairələri pandemiyaya baxmayaraq, son bir neçə ayda qarşılıqlı əlaqələri davam etdirib və informasiya texnologiyaları, elektronika, toxuculuq, əczaçılıq, keramika, mühəndislik mallarının istehsalı, nəqliyyat, logistika və digər sahələri təmsil edən ticarət palatalarının həm virtual, həm də hibrid formatda görüşlər keçirdiyini diqqətə çatdırıb.

Səfir deyib ki, bu əlaqələr ikitərəfli ticarətin artım trayektoriyasını bərpa etməyə imkan verib və 2021-ci ilin ilk 11 ayında ikitərəfli ticarət əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 730 milyon ABŞ dolları səviyyəsində qərarlaşıb.

Hindistan, həmçinin Azərbaycanın 6-cı ixrac istiqaməti olmaqla, onun mühüm ticarət tərəfdaşı kimi qalmaqda davam edir.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov tədbirdə çıxış edərək iki ölkə arasında dostluq münasibətlərinin olduğunu və bu əlaqələrin xalqlar arasında çoxəsrlik dostluq ənənələrinə əsaslandığı vurğulayıb.

O, iqtisadi əlaqələrin gücləndirilməsi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq, investisiyalar, birgə layihələrdə iştirak, informasiya texnologiyaları, energetika, kənd təsərrüfatı, tikinti, əczaçılıq, turizm, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb.

E.Məmmədov Hindistanın "ONGC Videsh LTD” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq” yataqlarının, "Günəşli” yatağının dərin hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsünə dair sazişdə, habelə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində iştirakını və onun Azərbaycanın enerji sektoruna əhəmiyyətli investisiyalarını xüsusi qeyd edib.

Sonda iştirakçılar Azərbaycan mədəniyyət truppasının Bollivud mahnıları ilə ifa etdiyi gözəl rəqs çıxışlarını izləyib və xüsusi olaraq bu tədbir üçün hazırlanmış hind təamlarını dadıblar.