03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tufandağ buzlağında ərimə prosesi intensivləşib

28.08.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə Tufandağ buzlağına ekspedisiya təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, 3755 metr yüksəklikdə aparılan tədqiqatlar nəticəsində buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artması, buzlaq dilinin hər keçən il geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin və sərfinin çoxaldığı müəyyənləşib. Bu da buzlaqda gedən ərimə prosesinin intensivliyindən xəbər verir. Buzlağın parametrləri, koordinatı GPS və lazer məsafəölçəni ilə təyin edilib.
Qeyd edək ki, buzlaqlar şirin su ehtiyatı olmaqla yanaşı, qlobal iqlim dəyişmələrinin əsas indikatorudur. Belə ki, onlar planetdə baş verən dəyişmələri əyani görmək üçün unikal obyektlərdir. İqlimdə baş verən istiləşmə və ya soyuqlaşma özünü buzlaqların sahəsinin dəyişilməsində çox tez büruzə verir.
Tufandağ buzlağı Tufan zirvəsindən şimal istiqamətdə yerləşir və ərazinin ən böyük buzlağı hesab olunur. Ərazidə yerləşən buzlaq ağırlıq kütləsinin təsiri ilə şimal istiqamətində hərəkətə meyllidir və çox halda asılı şəkildə dayanır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə Bazardüzü, Tufandağ, Şahdağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji tədqiqi ilə bağlı tədbirlərin görülməsi barədə Sərəncam verilib. Bundan sonra Tufandağ buzlağına ekspedisiyalar təşkil olunmağa başlanılıb.