Rusiya-Ukrayna gərginliyi Avropada qazı bahalaşdırdı
25.01.2022
Rusiya-Ukrayna sərhədindəki gərginlik enerji böhranı ilə bağlı narahatlığı artırdığı vaxtda Avropa bazarlarında təbii qazın qiyməti bahalaşıb.
Niderland mərkəzli virtual təbii qaz ticarət nöqtəsi TTF-də fevral fyuçers müqavilələrinin qiyməti 19,36 faiz artıb.
Fevral fyuçers müqavilələrinin meqavat-saat qiyməti gün ərzində 94,50 avroya yüksələrək, Bakı vaxtı ilə saat 17:35-də isə 94,27 avro səviyyəsinə qalxıb.
Beləliklə, sözügedən müqavilələr yanvarın 21-i ilə müqayisədə, təxminən 20 faiz bahalaşıb.
Qeyd edək ki, iqtisadi analitiklər Şərqi Avropada müharibə narahatlığı ilə qaz qiymətlərinin arta biləcəyinə diqqət çəkiblər.
Aİ ölkələri hazırda təbii qaz ehtiyaclarının 90 faizini idxal edir. Avropanın təbii qaza olan tələbatının 50 faizini Rusiyadan, qalan hissəsini isə Norveç və Əlcəzairdən təmin edir.
COVID-19 epidemiyasından sonra qlobal iqtisadiyyatın sürətli bərpası və qaz anbarlarında doluluq səviyyəsinin azalması Avropa üçün əsas problem olaraq qalmaqda davam edir.