21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yuxusuzluq orqanizmdə ciddi problemlər yaradır

28.08.2018

Yuxusuzluq son illər insanların ən çox əziyyət çəkdiyi problemlərdən biridir. Alimlər yuxudan doymayan adamın bütün işləri ləng gördüyünü müəyyən ediblər. Yuxu rejiminin pozulmasından yaranan daimi yorğunluq isə çox vaxt adi hal alır. Daha çox iş adamları, tələbələr, kompüterlə məşğul olanlar yuxu problemləri ilə üzləşirlər.
Son illər ABŞ-da aparılan tədqiqatlar yuxusuzluğun diqqətsizlik və qıcıqlanma hallarından başqa daha ciddi fəsadlara səbəb olduğunu aşkar edib. Müəyyən olunub ki, yuxunun pozulması piylənməyə və arterial təzyiqin yüksəlməsinə səbəb ola bilər.
Yapon alimlərinin hesablamalarına görə, yuxusuzluq səbəbindən hər il ölkə iqtisadiyyatına çox böyük miqdarda ziyan dəyir. Bu mənada həftə ərzində gecə yuxusunu 3-4 saat azaltmaq gənc və sağlam adamların da səhhətinə təsir göstərir.
Ümumilikdə yuxusuzluq 90-dan çox xəstəliyin əlamətidir. Mütəxəssislərin fikrincə, yuxunu bir çox amillər poza bilər. Məsələn, günorta yuxusu insanın adi rejimini korlayır, hava qaralmadan yatağa girmək yuxunu qaçırır. Ağır şam yeməyi, yataq otağına gələn səs, işıq, günün ikinci yarısında qəhvə içmək, gecəyə qədər davam edən iş və yaxud emosional gərginlik də yuxu pozuntularına səbəb olur. Bu və bir sıra digər səbəblərdən çox vaxt yuxugətirici dərmanlardan istifadə edilir ki, bu da orqanizmə zərərli təsir göstərir. Bəzi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından da irəli gəlir. Ona görə də qida rasionuna fikir vermək lazımdır. Mədənin dolu olması da yuxuya mane ola bilər.
İlk növbədə, yuxusuzluqla üzləşməmək üçün sinir sistemi normal fəaliyyət göstərməlidir. Təcrübələr göstərir ki, yatmazdan əvvəl təmiz havada gəzməyin də rahat yuxuya böyük faydası var. Bundan başqa həmişə eyni mühitdə yatmağa çalışmaq lazımdır. Təxminən iki həftədən sonra artıq bu adət halı alır.
Normal gecə yuxusu aydın və xoş səhərlər vəd edir.