Adətən donmuş şəlaləni şəkillərdə və ya filmlərdə görürük. Amma bu cür gözəl mənzərə, yəni donan şəlalə ölkəmizdə də var. Söhbət Qubada yerləşən Qurqur şəlaləsindən gedir. Yolun çətin keçilən olmasina baxmayaraq bu əsrarəngiz mənzərəni seyr etmək üçün hər gün xeyli insan bakidan qubaya üz tutur.
Qubada yerləşən şəlalə donub.
Söhbət rayonun Qrız kəndinin yaxınlığındakı Qurqur şəlaləsindən gedir. Dağlıq ərazidə yerləşən şəlaləni və bu gözəl mənzərəni görmək üçün oraya getmək elə də asan deyil. Adi nəqliyyat vasitələri Qəçrəş kəndinə qədər hərəkət edə bilir. Oradan sonra isə 40 kilometrə yaxın olan qarlı-buzlu yolu yalnız "Uaz" və "Niva" kimi yüksək keçidli avtomobillərlə getmək olur. Yolun yarısından sonra həmin avtomobillərin təkərlərinə xüsusi zəncirlər taxılır.
Avtomobillə də Qrız kəndinə qədər hərəkət etmək olur. Təbietsevərlər oradan Qurqur şəlaləsinə qədər olan 2 kilometrə yaxın yolu piyada gedirlər. Bəzən çovqun və duman hərəkəti xeyli çətinləşdirir.
Şəlaləyə çatdıqda isə hamı şəkil çəkdirməklə bu anı əbədiləşdirmək istəyir. Yerli sakinlərin sözlərinə görə, hər il qış aylarında şəlalə bu cür donur.
Bu əsrarəngiz mənzərəni görmək üçün paytaxt Bakıdan gələnlər daha çox olur.
Bələdçilərin sözlərinə görə, şəlalənin ətrafı buzlu və həddindən artıq sürüşkən olduğundan burada yıxılanlar da az deyil.