Gürcüstanın Azərbaycanda yeni səfiri təyin olunub
28.08.2018
Gürcüstan Prezidenti Acarıstan Muxtar Respublikasının sabiq sədri Zurab Pataradzeni Azərbaycanda yeni səfir təyin edib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Prezidentinin Sərəncamına əsasən Z.Pataradze avqustun 29-da Azərbaycanda səfir vəzifəsinin icrasına başlayacaq.
Gürcüstanın Azərbaycandakı hazırkı səfiri Teymuraz Şaraşenidze 2011-ci ildə bu vəzifəyə təyin olunmuşdu və onun diplomatik missiyası bu ildən başa çatıb.
Z.Pataradze bu ilin may ayında Acarıstan MR hökumətinin sədri vəzifəsindən istefa verib. O, 1996-cı ildən 2000-ci ilədək Acarıstan Daxili İşlər Nazirliyində kriminal polis departamentinin inspektoru işləyib. Sonra Gürcüstan DİN-in konsulluq şöbəsinə keçib və 2004-cü ildən diplomat kimi Rusiyada çalışıb. 2007-ci ilədək Gürcüstanın Rusiyadakı səfirliyində ikinci katib, müşavir olub. 2009-cu ildə İsveçrənin Rusiyadakı səfirliyində Gürcüstanın maraqlarını müdafiə edən konsul kimi fəaliyyət göstərib. 2009-2010-cu illərdə Salonikdə Gürcüstanın baş konsulu, 2011-2012-ci illərdə Gürcüstanın Türkiyədə baş konsulu olub.
Z.Pataradze 2012-ci ildən 2013-cü ilin mart ayınadək Gürcüstanın Türkiyədə, 2013-2016-cı illərdə isə Qazaxıstanda səfiri olub.