Qarabağ istiqamətinə turizm səfərləri ilə bağlı YENİ AÇIQLAMA
19.01.2022
Sərnişin sayı avtobus tutumuna uyğun olaraq müəyyən edilir. Belə ki, Şuşa istiqamətində hərəkət edən avtobuslarda oturacaq yerlərinin sayı 47, Ağdam istiqamətində hərəkət edəcək avtobuslarda oturacaq sayı 43-dür.
Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər.
Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib.
Qeyd edək ki, yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşurutları təşkil olunacaq. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq. İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri "Yolumuz Qarabağa" portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcək