Azərbaycan-Türkiyə iş adamlarının görüşü olub
18.01.2022
Bu gün "Marsol” və "Era 360 Business Consultancy” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan-Türkiyə iş adamları arasında "Dine Hall” restoranında "Business Breakfast” formatında görüş baş tutub.
İşgüzar görüşdə Türkiyənin Kahramanmaraş şəhərindən üç biznes sahibi ilə Azərbaycanın iş adamları arasında ticarət əlaqələri müzakirə olunub.
İşgüzar görüşün mahiyyəti və məqsədləri barədə məlumat verən Azərbaycan Sahibkarlar Konfederasiyasının Reklam və Nəşriyyat müəssisələri ilə iş komissiyasının sədri, "Marsol” MMC-nin təsisçisi Tural Mustafayev bildirib ki, bu cür tədbirlərin mütəmadi olaraq təşkilində əsas hədəf Türkiyə-Azərbaycan iş adamlarının biznes münasibətlərini tənzimləmək və faydalı münasibətlərin qurulmasında iştirak etməkdir:
"Marsol” MMC 400-dən çox yerli sahibkarın bir araya gəldiyi biznes netvorkinq platformasıdır. Bu platformada müxtəlif sektorlardan partnyorlarımız mövcuddur. İl ərzində mütəmadi olaraq biznes xarakterli tədbirlər təşkil edirik. Həftə ərzində 10 belə tədbirin keçirilməsinə nail oluruq. "Marsol” MMC tərəfindən təşkil olunan tədbirlərin məqsədi partnyorumuz olan 400 şirkətin il ərzində bir-biriləri ilə biznes əlaqələrinin daha da inkişaf etdirmək, əlaqələrin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması, sahibkarların dövlət qurumları ilə münasibətlərinin genişləndirilməsində körpü rolunu oynamaqdır.
Biz bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyini hər zaman hiss edirik. Onların bizə verdiyi dəstək nəticəsində fəaliyyət göstərir, Azərbaycanda biznesinin inkişafını tənzimləyir və dövlətin dəstək mexanizmlərini də sahibkarlara çatdırırıq”.
Görüşün digər təşkilatçılarından olan Azərbaycan Vəkillər Kollegiyasının, eləcə də İstanbul 2 nömrəli Vəkillər Kollegiyasının üzvü, Beynəlxalq Hüquq Komissiyasının sədri, Azərbaycan-Türkiyə Hüquq Platformasının həmsədri və "Era 360 Business Consultancy” şirkətinin rəhbəri Aygün Əliyeva tədbirin əhəmiyyəti barədə danışarkən əlavə edib ki, Türkiyənin Kahramanmaraş şəhərindən olan istehsalçı sahibkarlarla azərbaycanlı sahibkarları bir araya gətirməkdə məqsəd Azərbaycan və Türkiyə sahibkarları arasında güvən və etibara söykənən münasibətlərin yaranmasına nail olmaqdır:
"Həm Azərbaycan, həm Türkiyə Vəkillər kollegiyasının üzvü olaraq demək istəyirəm ki, bu münasibətlər hüquqa söykənir. Hüquq və iqtisadiyyat biri-biri ilə sıx bağlı sahələrdir. İqtisadiyyat istehsal və ticarətdir, hüquq isə istehsal və ticarəti təmin edən münasibətlərdir. İşimiz hər iki ölkə arasında hüquq və ticarət əlaqələrinin gücləndirilməsi ilə bağlıdır. Bundan sonra da bütün gücümüzü bu əlaqələrin uğurlu inkişafına dəstək olmağa sərf edəcəyik”.
Bu tip işgüzar görüşlərin təşkilini biznes əlaqələrinin inkişafında müstəsna hal kimi dəyərləndirən millət vəkili Vüqar İskəndərov vurğulayıb ki, hazırda tədbirdə Kahramanmaraşdan çox uğurlu və böyük biznes sahibləri iştirak edir:
"Onlar bura Azərbaycan bazarı ilə yaxından tanış olmağa gəliblər. Bu gün burada həm Bakıdan, həm də rayon və digər şəhərlərimizdən tanınmış iş adamları, həmçinin biznesmenlər toplaşıb, müzakirələr aparırlar. Bu cür görüşlərin təşkili xüsusilə kiçik və orta biznesin inkişafında olduqca əhəmiyyətlidir. Hazırda dövlət tərəfindən də müvafiq sahəyə diqqət var. Bu görüşlərin özü də müvafiq sahədə inkişafa təkan verir”.
Belə ki, görüşdə Kahramanmaraşdan "Olive Bloss”, "Maraş Yöresel” və "Naksa Zeytinyağı İşletmesi” müəssisələrini Abdurrahim Kırkgeçit, "Akalp Süt ve Süt ürünleri” şirkətini İbrahim Aksüyek, "EMF Laboratuvar Mühendislik Şirketi”ni isə Muhammed Kara təmsil edib. Türkiyədən olan sahibkarlar istehsalat müəssisələrində hasil olunan məhsullar barədə azərbaycanlı biznesmenlərə məlumat veriblər. Onlar Azərbaycandan olan iş adamları ilə əməkdaşlığa maraqlı olduqlarını vurğulayıblar.
"Olive Bloss”, "Maraş Yöresel” və "Naksa Zeytinyağı İşletmesi” müəssisələrinin sahibi Abdurrahim Kırkgeçit bildirib ki, Kahramanmaraşda istehsalatla məşğul olan həmkarlarla birgə Azərbaycana gəlməkdə əsas məqsədləri iki ölkə arasında ticarət əlaqələrini daha da gücləndirməkdir:
"Kahramanmaraşda istehsal etdiyimiz keyfiyyətli məhsulları Azərbaycandakı qardaşlarımıza da təqdim etmək istəyirik. Bu istiqamətdə hər kəsin diqqətini yüksək qiymətləndiririk”.
Qeyd edək ki, işgüzar görüşdə azərbaycanlı iş adamları və şirkətlərin təsisçiləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən müəssisələrin təmsilçiləri də iştirak ediblər. Onlar da məhsulları, təqdim etdikləri xidmətlər barədə məlumat veriblər.