BMT ekspertləri tələb edirlər
27.08.2018
BMT ekspertləri rohinca xalqına qarşı törədilənlərin soyqırımı kimi tanınmasını tələb edirlər.
BMT-nin insan haqları üzrə ekspertləri Myanma dövlətini insanlığa qarşı cinayət törətməkdə ittiham edir. Myanmada hərbi rejimin rohinca xalqına qarşı törətdikləri soyqırımı əlamətlərini özündə ehtiva edir.
Bu ittiham bu gün BMT-nin Cenevrə Bölməsində təqdim olunmuş hesabatda yer alıb. Ekspertlər törədilmiş cinayətlərin ağırlığına görə Beynəlxalq Ədalət Məhkəməsində cinayət işinin açılmalı olduğu qənaətindədirlər.
Rohinca xalqına qarşı törədilmiş qırğınlarla bağlı ittihamlar, ilk növbədə, Myanma ordusuna yönəlmiş olsa da, sülh üzrə Nobel mükafatı laureatı, ölkənin de-fakto hökumət başçısı Aunq San Suu Kyi də tənqidlərdən kənar qalmayıb. Qeyd edilib ki, ölkənin mülki qurumları öz laqeyd yanaşmaları ilə qırğınların yüksək həddə icra edilməsinə töhfə vermiş olublar. Suu Kyi isə qırğınların qarşısını almaq üçün öz nüfuzundan istifadə etməyib.
BMT-nin Avstraliya, Şri-Lanka və İndoneziya ekspertlərindən ibarət araşdırma komissiyası Rakhayn ştatında baş vermiş insan ölümləri, qətllər, kütləvi zorlama, işgəncə, qadın və uşaqlara zor tətbiqi, bütöv kəndlərin yandırılması və digər cinayətlərin törədilməsində Myanma Hərbi Qüvvələrinə rəhbərlik edən ordu generallarının əsas təqsirkarlar olduqlarını qeyd ediblər.
Komissiyanın avstraliyalı həmsədri Kristofer Sidoti hesabatı təqdim edərkən deyib ki, komissiya məhkəmə funksiyası daşımır və günahsızlıq prezumpsiyasına xələl gətirmək məqsədi güdmür: "Lakin biz soyqırımının elementlərini daşıyan yetərli sayda dəlillər əldə etmişik və buna görə də beynəlxalq tribunal tərəfindən təhqiqatların aparılmasını, ittihamın irəli sürülməsini tövsiyə edirik”.
Myanma BMT ekspertlərinə ölkəyə giriş üçün icazə verməsə də, komissiya üzvləri rohinca xalqına qarşı törədilmiş cinayətlərə şahid olmuş şəxslər və zərərçəkənlərlə, ümumilikdə isə 875 nəfərdən ifadə alıb, çoxlu sayda sənəd, peyk görüntüləri və fotoları araşdırıb.