Fransa Prezidentinə müraciət ünvanlanıb
18.01.2022
Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa Respublikasının Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Müraciət mətnini təqdim edirik:
- Cənab Prezident,
Fransada Respublikaçılar partiyasının prezident seçkilərində namizədi, İl-dö-Frans regionunun prezidenti xanım Valeri Pekres dekabrın 22-də Mişel Barniye və Brüno Retayyonun müşayiəti ilə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Fransa Respublikası tərəfindən tanınmış beynəlxalq sərhədlərini qeyri-qanuni yolla və gizlicə keçmiş və Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etmişdir. Bu qanunsuz səfər sivil dünyanın qanunlarını kobud şəkildə pozur.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması və hər iki xalq arasında etimadın gücləndirilməsi istiqamətində addımların atıldığı bir zaman xanım Pekresin qeyri-qanuni səfəri və bu səfəri seçki təbliğatının alətinə çevirməsi cəhdi yenicə müharibədən çıxmış və quruculuq işlərinə başlamağa çalışan bölgədə vəziyyəti qəsdən qızışdırmaq və sülh səylərinə zərbə vurmaq məqsədi daşıyır. Seçiciləri səfərbər etmək üçün onun bu addıma ehtiyacı varmı? Lakin heç bir daxili seçki mübarizəsi belə bir davranışa bəraət qazandıra bilməz. Biz bu məsuliyyətsiz addımı qətiyyətlə qınayırıq.
Xanım Pekres və onun bəzi müşavirləri, eləcə də erməni diasporunun nümayəndələri mətbuatda və sosial şəbəkələrdə münaqişəyə dini don geyindirməyə çalışırlar və insanların dini heysiyyətləri üzərindən Azərbaycan dövlətinə və xalqına qarşı aşağılayıcı fikirlər səsləndirirlər, bu isə Azərbaycan xalqına qarşı nifrətə açıq çağırışdır. Fransa kimi bəşəri dəyərlər ənənəsinin və dinin siyasətdən ayrılmasının dövlətin təməl daşını təşkil edən bir ölkədə açıq şəkildə bir xalqa qarşı nifrət hissinin aşılanması heç bir mənəvi və universal dəyərlər çərçivəsinə sığmır və bizi çox təəccübləndirir. Onların münaqişəyə dini don geyindirmək cəhdləri səlibçi təfəkkürünə xas davranış kimi qiymətləndirilə bilər. Demək olarmı ki, Fransa maarifçilərinin suveren hüquqi dövləti yenidən obskurantist baxışların basqısına məruz qalır?
Xanım Pekres namizəd kimi istədiyi yerə gedə bildiyini deyir. O, əlbəttə, Fransa və Fransanın üzv olduğu Avropa İttifaqının hərəkət azadlığından bəhrələnib istədiyi yerə getməkdə və öz seçki təbliğatını aparmaqda sərbəstdir. Lakin o, Azərbaycana gəlmək üçün Azərbaycanın müvafiq qurumlarına müraciət etməli və ölkə ərazisinə giriş icazəsi almalı idi. Onun belə bir icazə olmadan Azərbaycan ərazisinə gizli keçməsi Azərbaycan qanunvericiliyinin, eləcə də Fransanın milli qanunvericiliyinin tələblərini, həm beynəlxalq, həm də ikitərəfli öhdəliklərini kobud şəkildə pozur.
Fransa hər şeydən öncə Ermənistanla Azərbaycan arasında 28 il davam etmiş münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. O, həmsədr dövlət kimi tərəflər arasında neytrallığını qorumaq və sülh səylərini dəstəkləmək öhdəliyinə malikdir. Fransa və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə bir-birinin beynəlxalq sərhədlərini tanıyır, ərazi bütövlüklərinə qarşılıqlı hörməti təsdiqləyir və dostluq münasibətlərini inkişaf etdirirlər. İki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanan müqavilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir və onların üzərinə beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öhdəliklər qoyur.
Fransanın 1958-ci ildə qəbul edilən konstitusiyasına əsasən, xarici siyasət məsələləri dövlətin mərkəzi hakimiyyətinin müstəsna səlahiyyətlərinə daxildir. Ərazi vahidləri - bələdiyyələr, departamentlər, regionlar - dövlətin xarici siyasəti ilə məşğul ola bilməz və onun beynəlxalq öhdəliklərinə xələl gətirə bilməzlər (Ərazi vahidləri Ümumi Məcəlləsinin L.1115-1 və sonrakı maddələri). Bununla bağlı Fransanın daxili işlər və Avropa və Xarici işlər nazirləri tərəfindən 2018-ci il mayın 24-də NOR/INTB1809792C nömrəli sirkulyar imzalanmışdır.
Cənab Prezident, Fransa milli qanunvericiliyinin tələblərini nəzərə alaraq, bu kimi qanunsuz səfərlərin qarısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün zəruri tədbirlərin görülməsini xahiş edirik.
Müraciəti imzalayanlar:
1. Tural Gəncəliyev – müstəqil deputat
2. Etibar Əliyev – müstəqil deputat
3. Vüqar Bayramov – müstəqil deputat
4. Zaur Sadıqbəyli – hüquqşünas, Fransa
5. Mayisə Ağamirzəyeva – Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə koordinatoru
6. Yaşar Musayev – Almaniya Azərbaycanlıları Alyansı İdarə heyətinin sədri
7. Rəşad İbrahim – Belçika Azərbaycanlıları Federasiyasının həmsədri
8. Arzu Həsənova – Lüksemburq "Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının direktor müavini
9. Əliməmməd Nuriyev – hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun prezidenti
10. Sahib Məmmədov – hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri
11. Çingiz Qənizadə – hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsini sədri
12. Zaur İbrahimov – "Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai birliyinin sədri
13. Günel Səfərova – hüquq müdafiəçisi, "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
14. Novela Cəfərova – hüquq müdafiəçisi, D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri
15. Səltənət Qocamanlı – hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri
16. Hafiz Həsənov – hüquq müdafiəçisi, Hüquq və İnkişaf İctimai Birliyinin sədri
17. Səadət Bənənyarlı – hüquq müdafiəçisi, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai Birliyinin sədri
18. Fatma Səttarova – Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatınin sədri, II Dünya Müharibəsi iştirakçısı
19. Rey Kərimoğlu – Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini
20. Ramil İsgəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri
21. Mayis Əliyev – "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri
22. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri
23. Xanım Əhmədzadə – "Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri
24. Rəfail Becanov – İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri
25. Səməd Vəkilov – "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri
26. Vüsalə Hüseynli – "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyinin sədri
27. Şahin Camalov – "İnsan Hüquqları XXI əsr-Azərbaycan” fondunun rəhbəri
28. Rafiq İsmayılov – "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru
29. Mehriban Zeynalova – "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri
30. Kəmalə Ağazadə - "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri
31. Vüqar Qədirov – Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri
32. Mahirə Əmirhüseynova – "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri
33. Mehriban Abdullayeva – "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri
34. Xatirə Vəliyeva – "Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri
35. Əbil Zeynalov – "Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək" İctimai Birliyinin sədri