Qarabağ istiqamətinə səfərlər: Gediş-gəliş bir gün ərzində olacaq - AÇIQLAMA
18.01.2022
"İlk mərhələdə işğaldan azad edilmiş ərazilərə səfərlər üçün biletlər iki tərəfə alınır. Qarabağ istiqamətinə səfər etmək istəyən şəxslər çox olduğu üçün ilk olaraq hər kəsə il ərzində yalnız 1 dəfə səyahət imkanı yaradılır və gün ərzində gediş-gəliş nəzərdə tutulub. Səfər çərçisində sərnişinlər 2-3 saat orada qala biləcək. Sonra eyni marşrut üzrə geri dönəcəklər”.
Bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, hazırkı resurslarla, marşrut və avtobuslarla bağlı nəzərdə tutulan yer sayı da önəmlidir:
"Təxminən bir avtobusda 50 nəfər ola bilər. Bu səfərlər turizm məqsədi daşımır. Ən azından ilkin mərhələdə belədir. Uzun müddət bu torpaqlara həsrət qalan vətəndaşlarımıza şərait yaratmaq məqsədi daşıyır. Odur ki, bu mərhələdə səfərlər bir gün ərzində gediş-gəliş üçün nəzərdə tutulur”, - deyə nazir müavini əlavə edib.