Baş Prokurorluqda gənc hüquqşünasların andiçmə mərasimi keçirilib
17.01.2022
Yanvarın 17-də Azərbaycanın Baş Prokurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşların andiçmə mərasimi keçirilib.
Bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Şəhidlər xiyabanına gələn gənc hüquqşünaslar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, "Qarabağ Azərbaycandır” ifadəsini milli mübarizəmizin rəmzinə çevirən möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin möhtəşəm uğurlara imza atmaqla növbəti onilliklər üçün tərəqqisinə və qələbələrinə geniş imkanlar yaradıldığını bildirib.
Tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsi zəfərinin Azərbaycanın regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirməklə ölkə başçısının rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən nəhəng və surətli tikinti-quruculuq, bərpa işlərinin əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura "Böyük Qayıdış”ın əsasını qoyduğu, eləcə də Zəfər yolunun və Qarabağın "hava qapısı” Füzuli beynəlxalq hava limanının istifadəyə verilməsinin, 2022-ci ilin ölkəmizdə "Şuşa İli” elan edilməsinin doğma torpaqlarımızın dirçəldilməsinin təminatı olduğu diqqətə çatdırılıb.
Azərbaycan dövləti və xalqı üçün əlamətdar olan bir gündə - iyunun 15-də Şuşa şəhərində imzalanan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında müstəsna siyasi və tarixi əhəmiyyətə malik Bəyannamənin Qarabağ zəfərindən sonra qazanılan növbəti tarixi uğur olmaqla yanaşı iki dost və qardaş ölkə arasında mövcud əlaqələri və əməkdaşlığı yeni strateji müttəfiqlik səviyyəsinə yüksəltdiyi bildirilib.
Qeyd edilib ki, ölkə başçısının parlaq diplomatik məharəti sayəsində Vətən müharibəsinin nəticələri mötəbər beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən də qəbul edilib, bölgədə sülh və əmin-amanlığın bərpası istiqamətində ötən ilin noyabr və dekabr aylarında müvafiq olaraq Soçidə Rusiya Prezidentinin və Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın Baş naziri ilə keçirilən üçtərəfli görüşlər diplomatik qələbəmizin növbəti təntənəsi olub.
Mərasimdə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlər zamanı yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanıb.
Bu baxımdan Qarabağ müharibəsi əlillərinin və onların ailə üzvlərinin sosial müdafiəsinə xüsusi qayğının daha bir təzahürü olaraq I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş edilməsi barədə ölkə başçısının fərmanı, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış "YAŞAT” fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyevin fədakar və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edərək 2021-ci ildə də bütün sahələrdə inkişaf tempini qoruyub saxlaya bilib, həyata keçirilən qabaqlayıcı tədbirlərlə ölkəmizdə pandemiya tam nəzarət altına alınıb, koronavirusla mübarizə tədbirləri ilə yanaşı 44 günlük Vətən müharibəsinə baxmayaraq ötən il ərzində heç bir sosial layihə təxirə salınmayıb, iqtisadi islahatlar daha da dərinləşib.
Ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilən "Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbul olunan hüquqşünasların Azərbaycanın Prokurorluğunun kadr korpusunun əhəmiyyətli hissəsini təşkil etməsi, onların tutduqları vəzifələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi ölkə həyatının bütün sahələrində gənclərin daha mühüm vəzifələrə təyin edilməsi barədə Prezident İlham Əliyevin göstərişlərinin icrasının nəticələridir.
Baş prokuror deyibki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla gənclərin dövlət idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən mütəmadi tədbirlər gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələlərinin həllində mühüm rol oynayaraq gəncliyin uğurlu gələcəyinə hesablanıb.
Ölkə başçısının rəhbərliyi ilə görülən işlərin, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyətinin xalqımız tərəfindən daim dəstəkləndiyi nəzərə çatdıran Baş prokuror prokurorluq əməkdaşlarının həyata keçirilən siyasi kursa, dövlətə və dövlətçiliyə daim sadiq olduqlarını qeyd edib.
Bildirilib ki, prokurorluq orqanlarına qulluğa qəbulla bağlı 2021-ci ildə keçirilən 23-cü müsabiqədə namizədlərin yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə, sağlam mənəviyyata, məntiqi düşünmə qabiliyyətinə və prokurorluqda işləmək üçün zəruri olan digər keyfiyyətlərə malik olmaları, o cümlədən prokurorluqda qulluq keçmək arzuları, prokurorluq orqanlarında mövcud olan vakant ştat vahidləri nəzərə alınmaqla 83 gənc hüquqşünas qulluğa qəbul edilib.
Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunan gənclərin vəzifələrə təyin edilməsi barədə Baş Prokurorluq üzrə əmr elan edilib, işə qəbul olunanlar təntənəli surətdə and içmiş və onlara xidməti vəsiqələr Baş prokuror Kamran Əliyev tərəfindən təqdim olunub.
Prokurorluqda qulluğa yeni qəbul olunan gənclərdən Sevinc Qasımova, Elvin Rafailzadə və Vətən müharibəsi iştirakçısı Xalıq Dadaşzadə çıxış edərək gənc mütəxəssislərə göstərilən dövlət qayğısına görə ölkə başısına öz minnətdarlıqlarını bildirib və onlara göstərilən yüksək etimadı doğruldacaqlarına söz veriblər.
Tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbul olunan gənc prokurorluq əməkdaşlarını təbrik edib, prokurorluq işçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadə edib.