İrəvan təxribatlara son verməsə,sonu bombardmanla bitəcək
14.01.2022
Ermənistan öz təxribatlarının müstəvisini üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) maraqlarına calamağa cəhdlər etsə də, bu, hədər gedir.
Ermənistanın diplomatiyasında həyasızlıq konsepsiyası o qədər dərin kök salıb ki, indi bu kökü qurutmaq və ya qazıyıb yerinə yeni təməl atmaq müşkülə çevrilir.
Ona görə də bundan sonra da Ermənistanın KTMT-nin potensialını öz xeyrinə yönləndirmək meyillərini müşahidə edəcəyik, Azərbaycan dövləti bu cür hallara o qədər alışıb ki, təəccüblü heç nə görmür.
Hələ Qarabağ münaqişəsi periodunda və 44 günlük müharibədə Ermənistan dəfələrlə KTMT-ni döyüşlərə qatmaq üçün dəridən-qabıqdan çıxdı, öz ərazisindən Azərbaycanda dinc əhalinin yaşadığı şəhər və rayonları raket atəşinə tutdu ki, Azərbaycanı təxribata çəksin.
O dövrdə yaranan diplomatik və siyasi həssaslıq Azərbaycanı strateji səbir nümayiş etdirməyə vadar edirdi, amma indi, postmüharibə dövründə situasiya köklü şəkildə dəyişib.
Bu dəfə Ermənistan kimə, nəyə güvənib öz ərazisindən Azərbaycan torpaqlarına raket və ağır artilleriyadan mərmilər atmağa çalışsa, atəş nöqtələri məhv ediləcək.
Qarabağ konflikti zamanında da Azərbaycan Naxçıvandan İrəvana tuşlanan raketlər barədə məlumatlar verirdi, indi isə bu cəbhənin sərhədləri əhəmiyyətli dərəcədə böyüyüb.
Prezident İlham Əliyev noyabrın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib:
"Əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.
Bu o deməkdir ki:
1. Naxçıvanla yanaşı, Ermənistanla sərhəd təşkil edən digər ərazilərimizdə yerləşdirilən ən müasir silahlardan, o cümlədən böyük dağıdıcı gücə malik olan raket komplekslərindən atəş açılacaq,
2. Bu silahlar Ermənistana elə bir cəhənnəm yaşadar ki, onun istiliyindən tamamilə "əriyər”,
3. Bu mesaj Ermənistanın öz ərazisindəki Rusiya hərbi bazasına arxayınlaşmasının faydasız olduğu mənasını özündə ehtiva edir.
4. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik əlaqələri, Bakının siyasi danışıqlarda olduğu kimi, hərb meydanında da əlini gücləndirir.
Müasir raket və artilleriya kompleksləri bir yana, Azərbaycan ordusunun elit qüvvələrinin özü də Ermənistan ərazisinə sızma edib onun dərinliyinin altını-üstünə çevirmək qabiliyyətindədir.
Azərbaycanın Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Naxçıvanda postmüharibə dövründə ən strateji nöqtələrdə möhkəmlənməsi isə bu işi daha da asanlaşdırar.
Hələ "Bayraktar”, "Harop”, döyüş helikopterləri, qırıcı təyyarələrdən söz açmırıq.
İndi sual olunur: Ermənistan nəyə arxayındır? 102-ci bazayamı? KTMT-yə? Özünün dağınıq və silah arsenalı bərbad olan ordusuna? Nəyə güvənir-güvənsin, bu güvəni sarsıdacaq rıçaqlar Azərbaycanın əlindədir.