Tofiq Yaqublunun cinayət işinin başlanması rədd edilib
12.01.2022
Tofiq Yaqublunun fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında aparılmış araşdırma yekunlaşıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonu "Fəvvarələr meydanı” adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılıb.
Qeyd olunub ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilib.