Donuz ürəyi uğurla insana köçürüldü
11.01.2022
ABŞ-da ilk dəfə Merilend Universitetinin Tibb Mərkəzində geni dəyişdirilmiş donuzun ürəyi 57 yaşlı David Bennettə uğurla transplantasiya edilib.
Məlumatda deyilir ki, ürək xəstəliyi olan 57 yaşlı xəstəyə genetik cəhətdən dəyişdirilmiş donuz ürəyi uğurla transplantasiya edilib və həmin şəxs üç gündən sonra özünü yaxşı hiss edir. Bu əməliyyat öz növündə unikallığı ilə seçilir.
Bu transplantasiya ilk dəfə nümayiş etdirdi ki, geni dəyişdirilmiş heyvan ürəyi bədən tərəfindən dərhal rədd edilmədən insanınkı kimi fəaliyyət göstərə bilər.
Xəstə yaxın həftələrdə həkim nəzarətində olacaq. David Bennett ABŞ-ın bir sıra aparıcı transplant mərkəzlərində klassik əməliyyatdan imtina alıb. Eksperimental prosedur onun son həyat şansı olub.
Heyvan orqanlarının insanlara köçürülməsi prosesi (digər adı ksenotransplantasiya) bütün dünyada həkimlər tərəfindən geniş şəkildə öyrənilir.
Mənbə: TASS