Tramp Con Makkeynin dəfnində iştirak etməyəcək
26.08.2018
ABŞ prezidenti Donald Tramp respublikaçı-senator Con Makkeynin dəfn mərasimində iştirak etməyi planlaşdırmır.
Bu barədə "Nyu-York Tayms” qəzeti respublika partiyasından olan iki mənbəyə istinadla məlumat yayıb. Onların sözlərinə görə, sabiq prezidentlər Corc Buş (oğul) və Barak Obamadan Makkeynin dəfn mərasimində çıxış etmək xahiş olunub. İlkin planlaşdırmaya əsasən, Tramp administrasiyasını dəfn mərasimində vitse-prezident Maykl Pens təmsil edəcək.
Donald Tramp 2016-cı ildə öz seçkiqabağı kampaniyası zamanı senatoru təhqir etmiş və onun qarşısında üzr istəməkdən açıq şəkildə boyun qaçırmışdı. Seçicilərlə görüşlərin birində Tramp demişdi ki, Makkeyni ümumiyyətlə qəhrəman saymır. Çünki o, vyetnamlılara əsr düşmüşdü. "Vaşinqton Post” qəzetinin yazdığına görə Tramp bu sözlərinə görə indi də təəssüflənmir.
Xatırladaq ki, Con Makkeyn şənbə günü 81 yaşında vəfat edib. O, Annapolis şəhərində (Merilend ştatı) dəfn olunacaq. Dəfn mərasiminin vaxtı hələlik müəyyənləşməyib.