Səfirliydə bayrağımız endirildi
10.01.2022
Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində bayraq endirilib.
Bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
"Karantin məhdudiyyətlərini nəzərə alaraq, Qazaxıstan səfirliyinin
[email protected] elektron poçt ünvanında onlayn başsağlığı dəftəri açılıb”, - səfirlikdən bildirilib.
Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.
Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.
Bununla belə dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.
Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.
Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Mangistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.
Qazaxıstan Daxili İşlər Nazirliyi Mangistau vilayətindəki etiraz aksiyalarını yatırmaq üçün hərbi qüvvə yeridilmədiyini açıqlayıb.
Yanvarın 5-də Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.
Həmin gün Prezident Kasım-Jomart Tokayev ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib.
Dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Qazaxıstana sülhməramlı qüvvələr göndərməklə bağlı müraciət edib.
Təşkilat müraciəti nəzərə alaraq Qazaxıstana müvəqqəti olaraq sülhməramlılar göndərmək haqqında qərar qəbul edib.
Yanvarın 8-də Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov saxlanılıb. O dövlətə xəyanətdə şübhəli bilinir.
Ölkənin bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə bağlı yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olunub.