"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna edilən dəyişikliy nə vaxt qüvvəyə minir?
07.01.2022
"Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna edilən dəyişikliyin qüvvəyə minmə vaxtı uzadılıb.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, əlilliyin təyin edilməsinin yeni meyarları nəzərdə tutulan dəyişikliklərin bu ilin yanvarın 1-də qüvvəyə minməsi nəzərdə tutulurdu:
"Lakin texniki səbəblərdən dəyişikliklərin qüvvəyə minməsi vaxtı uzadılıb, çünki dəyişikliklərin tətbiq olunması üçün Nazirlər Kabineti 800-ə yaxın meyarı təsdiq etməlidir. Eyni zamanda bu ekspertizanı aparacaq həkimlərə də beynəlxalq ekspertlər tərəfindən treyninqlər keçirilməlidir. Bundan əlavə, həm TƏBİB-in, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemlərinin və məlumat bazalarının bir-birilərinə uyğunlaşdırılması da lazımdır.
Buna görə də qərara alındı ki, qanunun icrası 2022-ci il iyulun 1-dən həyata keçirilisin. Artıq bu istiqamətdə hazırlıq prosesləri gedir və qeyd olunan tarixdən əlillik yeni meyarlarla müəyyən ediləcək", - deyə M.Quliyev vurğulayıb.
Qeyd edək ki, yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.
İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə əlillik faizi almaq mümkün olacaq.