Suraxanı rayonunda orta məktəb binasında yanğın
07.01.2022
Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 kvadratmetr olan otağın döşəməsi 4 kvadratmetr sahədə, 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisindəki əşyalar (divan, kreslo, kompüter, kondisioner) yanıb, yüksək temperaturdan yumşaq mebel dəsti qarsalanıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.