Magistraturaya qəbul qaydaları açıqlanıb
06.01.2022
2022-2023-cü tədris ili üzrə magistraturaya müsabiqə şərtləri məlum olub.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə imtahandan topladıqları bal əsasında aparılır. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcılllığı və dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla, ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir.
İmtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
- ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);
- ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
- xarici dil üzrə testdən toplanılan bal.
İmtahan balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisaslaşmaya yerləşdirilir. Müsabiqə nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən ixtisaslaşma həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının 1-ci cəhdinin fevralın 20-də keçirilməsi nəzərdə tutulur.