Türk general Yücel Karauz: "Rus sülhməramlıları səlahiyyətlərini aşırlar"
05.01.2022
"Azərbaycan çox ağıllı, planlı bir strategiya ilə irəliləyir. Bu strategiyanın təməli çox böyük bir məntiqə əsaslanır".
Bunu Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
Türk general bildirib ki, rus sülhməramlıları səlahiyyətlərini aşırlar:
"Azərbaycan Türkiyə ilə birgə, bərabər, Rusiya ilə isə kordinasiyalı şəkildə addım atır. Amma bütün problemlərin hamısının bir anda, qısa bir vaxtda həll edilməsi mümkünsüzdür. Ona görə də sıralanma ilə problemlərin həll olunması məsələsi vacibdir. Üçtərəfli bəyanatda göstərilən həlli vacib olan məsələlər var.
2022-ci ildə Zəngəzur dəhlizi ilə bağlı məsələnin həllini tapacağını, işğaldan azad edilən ərazilərdəki qanunsuz erməni silahlı dəstələrinin tərksilah ediləcəyini düşünürəm. Zəngəzur dəhlizinin açılması, Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması, bəlkə ilin ikinci yarısında Ermənistan və Azərbaycan arasında problemlərin çözülməsi üçün qarşılıqlı razılıqların əldə olunması istiqamətində əhəmiyyətli hadisələrin şahidi ola bilərik.
İndi rus sülhməramlılarının Qarabağdakı müvəqqəti səlahiyyət zonalarında hələ də qalan və vaxtaşırı təxribatlar törədən qanunsuz erməni silahlılarının 2022-ci ildə iri terrorist fəaliyyətinin, silahlı təxribat kimi böyük bir hadisənin baş verməsini gözləmirəm. Azərbaycanın və Türkiyənin indi gördüyü tədbirlər tez bir zamanda Naxçıvan-Azərbaycan birbaşa quru əlaqəsinin qurulması, müsbət nəticələrin, qarşılıqlı güvənin və digər problemlərin də arxada qalması ilə nəticələnəcəyini düşünürəm.
2022-ci ilin Azərbaycanda "Şuşa ili" elan edilməsi Şuşada, ümumilikdə isə Qarabağda aparılan sürətli bərpa-quruculuq işləri, infrastruktur layihələri oradakı separatçı rejim qalıqlarının müqavimətini də qıracaq və məsələnin Azərbaycanın istədiyi kimi yekunlaşması üçün prosesləri sürətləndirəcək. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra silahlı ünsürlərin varlığına və onların həmin ərazilərdə fəaliyyətinə son qoyulacaq.
Ümid edirik ki, 2022-ci ildə Rusiya sülhməramlılarının bitərəf olmasının, hər iki tərəflə münasibətdə obyektivliyi qorumasının, qanunsuz səfərlərin, təxribatların qarşısının alınmasının, terrorçulardakı silah-sursatların ələ keçirilməsinin şahidi olacağıq.
Rusiyanın dünya gücləri tərəfindən Ukrayna məsələsinə görə Qərbin embarqosu ilə üz-üzə qaldığı bir vaxtda Cənubi Qafqaz, Qarabağ, Ermənistan-Azərbaycan mövzusunda Azərbaycanın haqq savaşına dəstək verməsi, bu işlərin Türkiyə ilə birgə həyata keçirilməsi Rusiyanın da xeyrinədir. Vladimir Putin başqda olmaqla Rusiya höküməti bu istiqamətdə verilən qərarlara, görülən işlərə dəstək verir. Lakin bir yandan dəstək verdiyi halda, bir yandan da rus sülhməramlıların tərəfsiz, obyektiv fəaliyyət göstərmədiyi, səlahiyyətlərini aşdığını görürük. Bu da əslində gözlənilən bir şeydir. Çünki böyük dövlətlərin siyasətlərinin bir hissəsi də bu cür gedişlərdən ibarətdir.
Bu il Zəngəzur dəhlizinin açılacağını, sərhədlərin delimitasiya və demarkasiyası məsələsinin həll ediləcəyini, mina xəritələrinin tamamilə Azərbaycana verilməsi istiqamətində baş verəcək növbəti təhlükələrin qarşısının alınması mövzusunda rəsmi Bakının istədiyi kimi nəticələnəciyini hesab edirəm".