21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nobelə namizəd AZƏRBAYCANLI QADIN

01.02.2018

Sona xanım Vəlixanın adı Azərbaycan tarixinə ilk ali tibbi təhsili olan və ilk tibb elmləri doktoru elmi dərəcəsi alan bir ziyalı kimi həkk olunub. Onun elmi araşdırmaları, tibb sahəsindəki fəaliyyəti Nobel Komitəsinin də diqqətini cəlb edib.
Dövran Media saytı Azərbaycanın şöhrətli ziyalı xanımı Sona xanım Vəlixan haqqında yazını təqdim edir.
Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirib. 1923-1939-cu illərdə o, Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışıb, 1939-1971-ci illərdə isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olub.
1946-1960-cı illərdə Sona xanım Vəlixan Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi öz elmi fəaliyyətini bu qurumda davam etdirib.
Gərgin elmi fəaliyyəti sayəsində onun 60-dan artıq elmi əsəri, o cümlədən 2 monoqrafiyası tibb elminə öz töhfələrini verib.
Pedaqoji fəaliyyətinin əsas hissəsini oftalmoloq kadrların hazırlanması kimi nəcib işə həsr edən Sona xanımın rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilib.
Onun elmi nailiyyətləri dünyanın bir çox elm ocaqlarında maraqla qarşılanıb, beynəlxalq elmi təşkilatlar Sona xanım Vəlixanın elmi yaradıcılığını yüksək qiymətləndirib.
Ən başlıcası isə Sona xanım Vəlixanın "Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi Nobel Komitəsinin diqqətinin özünə cəlb edib və onun mükafata namizədliyi qeydiyyata alınıb. Məlum olduğu kimi 2-ci dünya müharibəsi zamanı Nobel Komitəsinin fəaliyyətində yaranan durğunluq nəticəsində Sona xanım Vəlixanın elmi işi Nobel Mükafatına layiq görülməkdən məhrum olub.
Əslən Qazax rayonundan olan Sona xanım Vəlixanın atası İbrahim Rəhimov da tanınmış tibb mütəxəssislərindən biri sayılıb. O, Moskva və Vyana Universitetinin tibb fakültəsində təhsil almış ilk azərbaycanlı həkim-psixiatr olub.
Atasını yolunu davam etdirən Sona xanım Vəlixan tibb sahəsində bir çox yeniliklərə imza atıb. Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunub ki, bu da tibbin oftalmologiya sahəsində göz xəstəliklərinin aradan qaldırılmasında böyük rol oynayıb.
Sona xanım Vəlixan elmi-tibbi fəaliyyəti ilə yanaşı, həm də fəal ictimaiyyətçi olub. O, bir ziyalı xanım kimi həmişə cəmiyyətin arasında böyük nüfuza sahib olaraq tükənməz enerjisi ilə böyük maarifləndirici işlər aparıb. Qayğıkeşliyi, vətən təəsübü, elinə-obasına bağlı olan bir insan kimi minlərlə insana nümunə olub.
Əməkdar elm xadimi, professor Sona xanım Vəlixanın elmi və ictimai fəaliyyəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib, o, mütəmadi olaraq orden və medallarla təltif olunub.
Tarixə iz qoymuş Sona xanım Vəlixanın həkim kimi çalışdığı ilk illərə aid materialların bir qismi - 1910-20-ci illərə aid oftolmoloji alətlər - ştempel, şpris, pinset, sıxac Milli Azərbaycan Tarixi Muzeyin ekspozisiyasının ikinci mərtəbəsində nümayiş oılunur, bir qismi isə muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda qorunur.
Sona xanım Vəlixan 1982-ci ildə 99 yaşında vəfat edib.