Yeni təxribat: Xankəndidə keçiriləcək MMA turnirinin anonsu
28.12.2021
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində - Xankəndi şəhərində növbəti dəfə İran tərəfi ermənilərlə birgə təxribata əl atır.
Belə ki, erməni mətbuatında və sosial şəbəkələrin erməni seqmentində dekabrın 28-də Xankəndidə keçiriləcək MMA turnirinin anonsu edilib. Turnir müharibədə ölən erməni yaraqlıların xatirəsinə həsr olunacaq. Yarışda Qarabağda yaşayan ermənilərlə yanaşı Ermənistandan və İrandan gələn idmançıların da iştirak edəcəyi bildirilir.
Sözügedən yarışla bağlı anons onu göstərir ki, sülhməramlıların yarıtmaz fəaliyyəti bölgədə erməni təxribatlarına açıq-aşkar şərait yaradır. Təxribatı təşkil edənlər yaxşı bilir ki, sülhməramlılar İran və Ermənistandan gələn idmançıların Laçın dəhlizindən keçməsinə heç bir əngəl olmayacaq. Rusiya sülhməramlıları heç bir halda üzərinə düşən öhdəliklərin icrası ilə məşğul olmayacaq. Bu əminliyi ermənilərə verən sülhməramlıların öz vəzifə, öhdəlik və daşıdıqları ada qarşı artıq dəfələrlə təsdiq etdikləri xəyanətdir.
Təxribatın digər bir tərəfi də İrandır. Hər nə qədər gizlətməyə çalışsalar da, İranın erməni sevgisi bir yolla özünü büruzə verməyi bacarır. Məhz bu səbəbdən də müharibədə zamanı Azərbaycan Ordusuna və dinc əhalimizə qarşı təxribat və terror aktları törətmiş, lakin sonda "Dəmir yumruğ”un məhv etdiyi "hərbçi”lərin xatirəsinə ehtiram göstərmək imkanını əldən verməyiblər. Bu sevgi onları Azərbaycan ərazilərinə qanunsuz soxulmağa, Azərbaycana qarşı cinayət törətmiş terrorçuların xatirəsini yad etməyə vadar edib.
Bir müddətdir təxribatlardan uzaq qalan İran tərəfi bu addımla "böyük səhnəyə” yenidən qayıtdığını göstərib.
Ümumiyyətlə son günlər Qarabağda erməni tərəfinin təxribat xarakterli fəaliyyətində canlanma müşahidə olunur. Regiona ardıcıl qanunsuz səfərlərin təşkilindən sonra indi də idman yarışının keçirilməsi ilə bağlı məlumatlar məhz ermənilərin hər zaman istifadə etdiyi cəzasızlıq mühitinin təzahürüdür.
Regionda müvəqqəti nəzarət funksiyası sülhməramlıların üzərindədir. Sülhməramlılar isə gəldikləri ilk gündən yalnız erməni təxribatlarına göz yummaqla məşğuldur. Gözləri açıq olduğu vaxtlarda isə ermənilərin digər işlərinin arxasınca qaçmağı unutmurlar. Sülhməramlıların "ərköyün” böyütdüyü ermənilərdən isə bu cür nəzarətsizlikdə təxribatdan başqa nə gözləmək olar axı.