Qəzənfər Paşayevin Polad Həşimova həsr etdiyi kitab
27.12.2021
Əməkdar elm xadimi Qəzənfər Paşayevin Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun əziz xatirəsinə ithaf etdiyi "QƏBƏLƏ keçmişdə və günümüzdə” kitabının təqdimat mərasimi keçirilib.
Təqdimat "Azərkitab” kitab mərkəzində baş tutub.
Millət vəkilləri Qənirə Paşayeva, Vüqar İsgəndərov, Arzu Nağıyev professor Qəzənfər Paşayevin öncəki əsərlərinə, özəlliklə məşhur "6 il Dəclə-Fərat sahillərində” kitabına istinad edib, yeni əsərini də axarlı üslubda yazdığını, çoxsaylı faktları oxucunu yormadan maraqlı bir şəkildə təqdim etdiyini vurğulayıb. Millət vəkilləri əsərdə Qəbələnin etnoqrafiya dünyasının ümumazərbaycan etnoqrafiyası kontekstində gündəmə gətirildiyini və tədqiqat süzgəcindən keçirildiyini deyiblər.
Şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım Həşimova oğlunun şərəfinə yazılmış kitaba və təqdimata görə Qəzənfər Paşayevə, onu ayaq üstə qarşılayan və alqışlayan bütün tədbir iştirakçılara təşəkkürünü bildirib, ürək sözlərini söyləyib.
Sonda kitabın müəllifi Qəzənfər Paşayev çıxış edərək, təqdimata görə təşkilatçılara, çıxışçılara və bütün iştirakçılara təşəkkür edib.
Q.Paşayev kitabını iştirakçılar üçün imzalayıb