Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz Bakıda
22.12.2021
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 22-də Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fateh Dönməz ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə edildi. Cari ilin fevral ayında Ankarada keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 9-cu iclasında əldə olunmuş razılıqların iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi baxımından vacibliyi qeyd edilib.
Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunularaq, birgə həyata keçirilən transmilli layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu xüsusi vurğulanıb.
Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində aparılacaq müzakirələrin və imzalanacaq sənədlərin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.